Əsas məzmuna keç

Farsunka nədir və necə işləyir?

AzonAuto ustaları · Son yenilənmə:

Qısa cavab

Farsunka (injektor) mühərrikə yanacaq püskürdən hissədir: beynin verdiyi elektrik siqnalı ilə açılır və hər silindrə lazım olan qədər yanacağı xırda damcılarla verir. Dizel Common Rail farsunkaları 1500–2500 bar təzyiqlə işləyir. Farsunka çirklənəndə və ya köhnələndə mühərrik titrəyir, tüstü verir, yanacaq sərfi artır. Bakıda AzonAuto dizel farsunkalarını stenddə yoxlayır və nəticəni çap olunmuş hesabatla verir.

Stend proqramının ekranında Bosch CRI 2.1 farsunkasının elektromaqnit hissəsinin sxemi: tənzimləmə şaybaları, yay, lövbər və onun bələdçisi

Farsunka nə iş görür

Mühərrikin gücü yanacağın nə qədər və necə yandığından asılıdır. Farsunkanın işi yanacağı lazımi anda, lazımi miqdarda və xırda damcılarla silindrə (və ya giriş kollektoruna) verməkdir. Bunu özbaşına etmir: nə vaxt açılacağını və nə qədər açıq qalacağını avtomobil beyni (ECU) sensorlardan gələn məlumata görə hesablayır və farsunkaya elektrik siqnalı göndərir.

Köhnə benzin mühərriklərində farsunka yanacağı giriş kollektoruna, klapanın qarşısına püskürür. Birbaşa püskürtməli benzin mühərriklərində (GDI, TSI, TFSI) yanacaq birbaşa silindrə verilir və təzyiq xeyli yüksəkdir. Dizeldə isə Common Rail sistemi var: yüksək təzyiq nasosu (TNVD) yanacağı ümumi magistrala (rampaya) yığır, farsunkalar oradan yanacağı 1500–2500 bar təzyiqlə silindrlərə püskürür. Bir dövrdə bir neçə dəfə, kiçik ilkin və əsas porsiyalarla.

Elektromaqnit və piezo farsunka: fərqi nədir

Dizel Common Rail farsunkaları iki cür olur. Elektromaqnit (solenoidli) farsunkada bobin maqnit sahəsi yaradır, lövbəri (armaturu) çəkir və kiçik klapan açılır; iynə qalxır və yanacaq püskürür. Bu farsunkanın içində lövbərin gedişini və klapanın açılma qüvvəsini təyin edən tənzimləmə şaybaları var. Hissə dəyişəndə onların ölçüsü yenidən seçilir, ona görə təmirdən sonra farsunkanı zavod ölçülərinə tənzimləmək mütləqdir.

Piezo farsunkada bobin yerinə piezo element işləyir: gərginlik verildikdə uzanır və klapanı daha sürətlə açır. Piezo farsunka daha dəqiq və sürətlidir, amma elementi tam sıradan çıxanda təmir olunmur. Hər iki tipi Bosch, Denso, Delphi və Continental (keçmiş Siemens VDO) istehsal edir. AzonAuto-da elektromaqnit farsunkaların bobininin müqavimətini (om) və tutumunu ölçür, elektrik testi üçün DiMED AHE Tool və Piezo Tool cihazlarından istifadə edirik.

Farsunka kodu (IMA, QR) nədir və niyə lazımdır

Eyni nömrəli iki farsunka da zavoddan bir-birindən azca fərqli çıxır. Bu fərq farsunkanın üzərində yazılmış düzəliş koduna salınır: Bosch-da IMA kodu, Delphi-də C2I və ya C3I, Denso-da QR kod adlanır. Beyin bu kodu bilir və hər farsunkaya verdiyi siqnalı ona görə düzəldir ki, bütün silindrlər eyni miqdarda yanacaq alsın.

Farsunka dəyişiləndə, təmir olunanda və ya yerləri dəyişdiriləndə beynə yeni kod yazılmalıdır. Kodlaşdırılmamış yeni farsunka da titrəmə, tüstü və sərf artımı verə bilər. Təmir olunmuş farsunka üçün yeni kodu stend proqramı ölçüyə görə yaradır. AzonAuto Bosch, Denso, Delphi və Continental farsunkalarını kodlaşdırır.

Farsunka xarab olanda hansı əlamətlər olur

Əlamətlər farsunkanın necə xarab olmasından asılıdır: çirklənib az püskürür, iynəsi köhnəlib damcı buraxır, yoxsa geri axını (obratkası) artıb təzyiqi saxlamır. Ən çox rast gəlinənlər:

  • Mühərrik soyuqda çətin işə düşür, uzun fırlanır
  • Boşda titrəmə, bir silindr «itir»
  • Qara və ya ağ tüstü, egzozdan yanacaq iyi
  • Yanacaq sərfi xeyli artıb
  • Güc azalıb, qaz verəndə gecikmə var
  • Farsunka və ya yanacaq təzyiqi ilə bağlı xəta kodları (P0201–P0208, P0087, P0093)

Farsunka necə yoxlanır

Mühərrikin üstündə ilk yoxlama silindr balansı və geri axın testidir: diaqnostika cihazı beynin hər farsunkaya etdiyi düzəlişi göstərir, geri axın isə hansı farsunkanın təzyiqi buraxdığını üzə çıxarır. Bu testlər şübhəli farsunkanı tapır, amma onun dəqiq vəziyyətini göstərmir.

Dizel farsunkasının dəqiq vəziyyətini stend göstərir. Stend farsunkanı boş dövrdə, qismən və tam yükdə işlədir, hər rejimdə nə qədər yanacaq verdiyini ölçür və zavod həddi ilə müqayisə edir. AzonAuto-da stenddə yoxlanan hər iş üçün çap olunmuş test hesabatı verilir. Prosesi farsunka təmiri və farsunka yuyulması səhifələrində ətraflı yazmışıq.

Yuma, təmir, yoxsa yeni farsunka

Farsunka yalnız çirklə tutulubsa, yuma kifayət edir. İynə, klapan və ya bobin köhnəlibsə, həmin hissə dəyişilir, farsunka tənzimlənir və kodlaşdırılır. Gövdəsi çatlamış, korroziyaya uğramış və ya piezo elementi tam sıradan çıxmış farsunka isə təmir olunmur, yenisi lazımdır: dizel farsunkaları və nasosları anbarımızda olur, farsunka satışı səhifəsinə baxın.

Yük maşınlarının (Scania, KAMAZ, Cummins mühərrikli) farsunkaları da eyni məntiqlə yoxlanır və təmir olunur: yük maşını farsunka təmiri. Farsunkanın da, yüksək təzyiq nasosunun da ömrünü ən çox vaxtında dəyişilən yanacaq filtri və keyfiyyətli yanacaq uzadır.

Farsunka təmiri: WhatsApp-a yazın və ya zəng edin

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

Suallar

Tez-tez verilən suallar

Bəli. «Farsunka» rus dilindən gəlmiş danışıq sözüdür, «injektor» isə texniki adıdır. Hər ikisi mühərrikə yanacaq püskürdən hissəni bildirir.

WhatsAppZəng et