Əsas məzmuna keç

Check engine işığı yanır: səbəbi nədir və nə etməli?

AzonAuto ustaları · Son yenilənmə:

Qısa cavab

Check engine işığı mühərrik beyninin nasazlıq qeydə aldığını bildirir. Səbəb lambda sensoru, alışma şamı və ya bobini, farsunka, hava sızması, yaxşı bağlanmamış çən qapağı, nadir hallarda isə beynin özü ola bilər. İşıq sabit yanırsa və maşın normal gedirsə, bir neçə gün ərzində diaqnostika etdirin. İşıq yanıb-sönürsə, mühərrik titrəyirsə və ya güc düşübsə, maşını saxlayın. Bakıda AzonAuto xəta kodunu oxuyur və səbəbi ölçməklə dəqiqləşdirir.

İllüstrasiya: check engine işığının sabit və yanıb-sönən halları, OBD-II soketi və nümunə xəta kodu

Check engine nə vaxt yanır və nəyi bildirir

Avtomobil beyni (ECU) mühərrik işləyərkən sensorlardan gələn siqnalları daim yoxlayır: lambda (oksigen) sensoru, hava sərfi sensoru, dirsəkli val və paylayıcı val sensorları, temperatur və təzyiq. Siqnal icazə verilən həddən çıxanda və ya beyin silindrlərdən birinin işləmədiyini (propusk) görəndə yaddaşa xəta kodu yazır və paneldə check engine işığını yandırır.

Kod problemin hansı sistemdə olduğunu göstərir, səbəbini yox. Məsələn, lambda sensoru xətasına sensorun özü, naqil, kütlə və ya hava sızması səbəb ola bilər. Ona görə kodu oxuyub hissəni dərhal dəyişmək çox vaxt boşa xərcdir. Hissə dəyişilir, işıq isə yenə yanır.

Check engine yanır, sürmək olar?

İşıq sabit yanır və maşın əvvəlki kimi gedirsə, təcili təhlükə yoxdur. Amma işi təxirə salmayın. Bəzi xətalar yanacaq sərfini artırır, bəziləri isə vaxt keçdikcə katalizatoru sıradan çıxarır. Sizdə hansı halın olduğunu kod oxunmadan bilmək mümkün deyil.

İşıq yanıb-sönürsə, adətən mühərrikdə ciddi propusk var. Yanmamış yanacaq egzoza gedir, katalizatoru həddən artıq qızdırır və onu məhv edə bilər. Belə halda qazı azaldın və təhlükəsiz yerdə dayanın. Maşını servisə mühərriki mümkün qədər az yükləyərək çatdırın. Aşağıdakı hallarda da yola davam etməyin:

  • Check engine yanıb-sönür
  • Mühərrik titrəyir, güc kəskin düşüb və ya maşın avariya rejiminə keçib
  • Temperatur göstəricisi qalxıb və ya yağ təzyiqi işığı da yanıb
  • Yanıq iyi, tüstü və ya egzozdan qeyri-adi səs var

Ən çox rast gəlinən səbəblər

Check engine xətalarının böyük hissəsi beyindən yox, mühərrikin ətrafındakı sensor və icra hissələrindən gəlir. Dizel maşınlarda yanacağın keyfiyyəti də öz sözünü deyir. DPF, EGR və farsunkalar bu səbəbdən tez sıradan çıxır və işıq məhz onlara görə yanır.

Farsunka xətası çıxanda stend yoxlamasının necə getdiyini farsunka təmiri səhifəsində yazmışıq. Katalizator çıxarılıbsa və işıq buna görə yanırsa, ikinci lambda sensorunu proqramla söndürmək olar. Bu barədə katalizator datçiki söndürülməsi (cat off) səhifəsində oxuya bilərsiniz. Səbəb adətən bunlardan biri olur:

  • Yaxşı bağlanmamış və ya kipliyi pozulmuş yanacaq çəni qapağı
  • Lambda sensoru, onun naqili və ya qızdırıcı dövrəsi
  • Alışma şamları və bobinlər: silindr işləmir (propusk)
  • Farsunkanın çirklənməsi və ya qeyri-bərabər püskürməsi
  • Hava sızması, çirklənmiş hava sərfi sensoru
  • Çıxarılmış və ya sıradan çıxmış katalizator
  • Tutulmuş EGR klapanı, turbo təzyiqi xətaları (dizel və turbolu mühərriklərdə)
  • Zəif kütlə, oksidləşmiş konnektor, zəif akkumulyator
  • Nadir hallarda mühərrik beyninin özü

Diaqnostikadan əvvəl özünüz nəyi yoxlaya bilərsiniz

Yanacaq çəninin qapağını açıb çıqqıldayana qədər yenidən bağlayın. İşıq yanacaq doldurandan dərhal sonra yanıbsa, səbəb qapaq ola bilər və bir neçə gedişdən sonra işıq özü sönər. Sönməsə, deməli, iş qapaqda deyil.

Kapotu açıb baxın. Yerindən çıxmış hava borusu, qopmuş konnektor və ya siçan gəmirmiş naqil gözə dəyə bilər. Mühərrik yağının və soyuducu mayenin səviyyəsini yoxlayın. Problemin nə vaxt çıxdığını da yadda saxlayın: soyuq, yoxsa isti mühərrikdə, hansı sürətdə, tıxacda, yoxsa trassada. Bu, diaqnostikanı sürətləndirir.

Ucuz OBD2 skaneri kodu göstərər, səbəbi göstərməz. Kodu silib yola davam etsəniz, işıq bir müddət sönür, nasazlıq isə yerində qalır. Üstəlik, kodla birlikdə ustaya lazım olan məlumat da silinir.

Servisdə diaqnostika necə aparılır

AzonAuto-da avto elektrik və kompüter diaqnostikası xəta kodlarını oxumaqla başlayır, amma bununla bitmir. Sonra canlı məlumatlara (live data) baxırıq, sensorların siqnalını ossilloqrafla ölçürük, lazım olanda naqili zavodun elektrik sxemi üzrə başdan-başa yoxlayırıq. Səbəbi təsdiqləyəndən sonra nə ediləcəyini və qiymətini sizə deyirik. Razılığınız olmadan işə başlamırıq. Səbəbi aradan qaldırandan sonra kodları silir və maşını yolda yoxlayırıq.

Sensorlar və naqillər sağlam çıxırsa, xəta isə beynin özündən gəlirsə, növbəti addım avtomobil beyni təmiri olur. Maşının beyni xarab olub-olmadığını necə bilmək olar sualına ayrıca yazıda cavab vermişik.

Servis Əliağa Şıxlinski 112-də, Koroğlu metrosunun yaxınlığındadır. Bazar ertəsindən şənbəyə 09:00–19:00 işləyirik. Zəng edib markanı, modeli və şikayəti desəniz, gəlməzdən əvvəl nəyin lazım olduğunu deyərik.

Avto elektrik: WhatsApp-a yazın və ya zəng edin

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

Servisin ümumi nömrəsi: +994 70 338 62 77

Suallar

Tez-tez verilən suallar

Qısa müddət olar, amma təxirə salmayın. Xəta yanacaq sərfini artıra və ya katalizatora zərər verə bilər, hansının olduğunu isə kod oxunmadan bilmək olmur.

WhatsAppZəng et